Patent və Əmtəə Nişanları Mərkəzi AZPROMO ilə əməkdaşlıq haqqında Protokol imzalayacaq

Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafı, ixracyönümlü yeni istehsal sahələrinin yaradılması, ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədar verdiyi fərman və sərəncamları rəhbər tutaraq Patent və Əmtəə Nişanları Mərkəzi yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların əmtəə nişanları və ya coğrafi göstəricilər üzərində hüquqlarının xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı bir neçə təşkilatla ikitərəfli əməkdaşlığı gücləndirir.

Bu məqsədlə keçirilən ilk belə görüş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbər şəxsləri ilə olub. Görüşdə dövlət başçısı tərəfindən imzalanmış “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında qarşıya qoyulmuş tapşırıqlar müzakirə edilib.

Həmçinin elmi, texniki və əqli potensialdan istifadənin koordinasiyası, təşkil olunan simpozium, konfrans, seminar, dairəvi masa və digər bu kimi tədbirlərdə qarşı tərəfin iştirakı, birgə təlimlərin keçirilməsi müzakirə edilib. Eyni zamanda müntəzəm professional əlaqələrin daima diqqətdə saxlanılmasının vacibliyi qeyd olunub. Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məqsədilə əməkdaşlıq haqqında Protokolun imzalanmasının əhəmiyyəti vurğulanıb.