Patent və Əmtəə Nişanları Mərkəzində gənc startapçılarla görüş keçirilib

Patent və Əmtəə Nişanları Mərkəzində “Azercell Telekom” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində yaratdığı “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc startapçıları ilə görüş keçirilib.

Görüşdə gənc startapçılara patent sistemi, patentlə mühafizə olunan obyektlər,  sənaye mülkiyyəti obyektlərinin qeydiyyatının vacibliyi, ondan iqtisadi cəhətdən faydalanmanın yolları, o cümlədən iddia sənədlərinin tərtib olunması qaydaları barədə məlumatlar verilib, yerli patent idarəsi vasitəsilə sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, ixtira, faydalı model, sənaye nümunəsi) dünyanın istənilən ölkəsində beynəlxalq qeydiyyatının həyata keçirilməsi qaydaları izah edilib.

Patent alınması ilə bağlı müddətlər, rüsumlar, regional qurumlara iddia sənədinin verilməsi və əmtəə nişanları ilə bağlı startapçıları maraqlandıran suallar cavablandırılıb.

“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığın inkişafına dəstək vermək üçün yaradılıb və informasiya texnologiyaları sahəsində hazırlanan layihələri və bu sahədə yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların reallaşmasına köməklik göstərir, ideyaların biznesə çevirmələri üçün inkubasiya proqramları təqdim edir, həmçinin startapların individual ehtiyaclarının qarşılanmasını təmin edir.

Qalereya